Carlsberg Azerbaijan şirkətinin dəstəyi ilə Xankəndi şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin 20-yə yaxın müxtəlif regionundan olan xanım sahibkarların iştirakı ilə “Qarabağda Regional Xanımların Gücü” adlı sərgi-tədbir keçirilib.
Qarabağ Təlim Mərkəzi (Karabakh Training Center) tərəfindən təşkil olunan sərginin əsas məqsədi regionlarda fəaliyyət göstərən xanım sahibkarlara dəstək olmaq, onların biznesini Qarabağda tanıtmaq və azad edilmiş ərazilərdə yeni biznes imkanlarını stimullaşdırmaqdır.
Sərgidə Xankəndi, Şuşa, Xocalı, Ağdam, Naxçıvan, Gəncə, Lənkəran, Tovuz, Quba, Mingəçevir, Masallı, Qəbələ, Qax, Bərdə, Şəki və Ağsu regionlarını təmsil edən xanım sahibkarlar iştirak ediblər. İştirakçılar öz regionlarının milli mətbəxini, tarixi atributlarını nümayiş etdirməklə yanaşı, öz biznes məhsullarının satış və təqdimat sərgisini həyata keçiriblər.
Tədbirin rəsmi açılış hissəsində xanım sahibkarlara işğaldan azad olunmuş torpaqlarda tətbiq edilən dövlət güzəştləri, vergi azad olunmaları və digər dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onlara Qarabağda öz bizneslərini qurmaq üçün real imkanlar təklif edilib.
Azərbaycan, Qazaxtan və Belarus bazarları üzrə Korporativ Ünsiyyətlər direktoru Lalə Əfəndi isə qadın sahibkarlar üçün Qarabağda yaradılan imkanlardan məmnunluğunu bildirib:
“Sevindirici haldır ki, Qarabağın dirçəlməsində və dayanıqlı inkişafında qadın sahibkarların da payı olacaq. Burada yaradılan şərait və güzəşt imkanları da bu işə dəstəyi artırır. Azərbaycan qadınının zərif toxunuşu ilə bölgənin çiçəklənməsinin sürətlənəcəyinə əminəm. Carlsberg Azerbaijan olaraq bu layihəyə dəstək olmaqdan qürur duyuruq”.




Korporativ Ünsiyyətlər üzrə Rəhbər