Menyu

Carlsberg Azerbaijan yerli arpadan hazırlanmış Xırdalan pivəsinin istehsalına başlayıb

Ölkəmizdə ən böyük pivə istehsalçısı olan Carlsberg Azerbaijan şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb. Sentyabrın 16-da zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub.

Bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Carlsberg Group-un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann, Danimarkanın Bakıdakı fəxri konsulu Arnoud Guvaert, Azəşəkər MMC-nin Baş direktoru Anar Mehdiyev, Carlsberg Azerbaijan-ın baş direktoru Vyaçeslav Maltsev və Carlsberg Group-un regional nümayəndələri iştirak ediblər. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ilin may ayında İqtisadiyyat Nazirliyi və Carlsberg Azerbaijan arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Nazirliklə şirkətin əməkdaşlığı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir.  İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran Carlsberg Azerbaijan şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır. Bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafı və yeni iş yerlərinin açılmasında özəl sektorun payının artması istiqamətində mühüm addımdır.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayıb, sahibkarlıq sahəsində aparılan islahatlar barədə məlumat verib.

Carlsberg Group-un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann Azərbaycanda yetişdirilən arpanın şirkətin tətbiq etdiyi bütün standartlara cavab verdiyini bildirib, xammal bazasının lokallaşdırılma layihəsinin önəmini vurğulayaraq, bunun Azərbaycanda investisiya cəlbediciliyinin daha da artırılması üçün uğurlu təcrübə olduğunu qeyd edib.

Calrsbeg Azerbaijan-ın baş direktoru Vyaçeslav Maltsev hazırda şirkətin tərəfdaşlarla birlikdə arpanın, həmçinin pivəbişirmə sənayesində istifadə edilən digər xammal növlərinin lokallaşdırılması üzərində çalışdığını bildirib. Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb. 2022-ci ildən başalayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.

 

 

   

      

        

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]