Menyu

ANTİİNHİSAR QANUNUNA RİAYƏT OLUNMASI HAQQINDA REQLAMENT

1. Məqsəd

1.1. Hazırkı Reqlamentin məqsədi «Carlsberg Azerbaijan» MMC-də (bundan sonra – Şirkət) AR-nın antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarətin təşkili, həmçinin, nəzarət orqanları tərəfindən Şirkətdə yoxlamalar aparıldığı halda Şirkət bölmələrinin qarşılıqlı əlaqə prosedurasının müəyyən edilməsidir.

1.2. Hazırkı Reqlament aşağıdakıları müəyyən edir:

  • Şirkətin fəaliyyətində AR-nın antiinhisar qanunvericiliyinin normalarına əməl olunmasının təmin olunması məqsədilə Şirkət bölmələrinin qarşılıqlı əlaqə prinsipləri;
  • AR-nın antiinhisar qanunvericiliyinə riayət olunub-olunmaması ilə bağlı Şirkətdə yoxlamalar aparıldığı zaman Şirkət bölmələrinin qarşılıqlı əlaqə qaydası;
  • Şirkətin vəzifəli şəxslərinin hazırkı Reqlamentdə təsdiq olunan prinsip və qaydalara əməl olunması məsələləri ilə bağlı səlahiyyətlərinin bölüşdürülməsi.

 2.  Tətbiq sahəsi

Hazırkı Reqlamentin tələbləri Şirkətin bütün bölmələrinə, onun bütün əməkdaşlarına şamil olunur.

3. Normativ baza

Hazırkı Reqlamentdə aşağıdakı normativ aktlar istifadə olunub:

  • Azərbaycan Respublikasının 03.1990-cı il tarixli 526 saylı “Antiinhisar fəaliyyəti haqqında” qanunu;
  • Azərbaycan Respublikasının 06.1995-ci il tarixli 1049 saylı “Haqsız rəqabət haqqında” qanunu

 4.  Terminlər, ixtisarlar və təriflər

Hazırkı Reqlamentdə aşağıdakı əsas anlayışlar və ixtisarlar istifadə olunur:

Rəqabət – təsərrüfat subyektləri arasında mübarizənin elə formasıdır ki, onlardan hər birinin  müstəqil fəaliyyəti ilə müvafiq əmtəə bazarında əmtəə dövriyyəsinin ümumi vəziyyətinə birtərəfli qaydada təsir etmək imkanı istisna edilir və ya məhdudlaşdırılır.

Ayrı-seçkilik şəraiti – təsərrüfat subyektinin və ya bir neçə təsərrüfat subyektinin digər təsərrüfat subyekti ilə müqayisədə qeyri-bərabər vəziyyətə qoyulduğu əmtəə bazarına giriş şəraiti, istehsal, mübadilə, istehlak, əldə etmə, satış, əmtəənin ötürülməsi üçün digər şərait.

Haqsız rəqabət – təsərrüfat subyektlərinin (şəxslər qrupunun) sahibkarlıq fəaliyyətində üstünlük əldə etməyə yönəlmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə, işgüzar dövriyyə adətlərinə, düzlük,  məntiqlilik və ədalət tələblərinə zidd olan və digər təsərrüfat subyektlərinə (rəqiblərinə) zərər vuran və ya zərər vura bilən, yaxud onların işgüzar nüfuzuna zərər vuran və ya zərər vura bilən istənilən hərəkətləri.

İnhisarçılıq fəaliyyəti – təsərrüfat subyektinin, şəxslər qrupunun öz hökmran mövqelərindən sui-istifadə etməsi, antiinhisar qanunvericiliyi ilə qadağan olunan razılaşmalar və ya razılaşdırılmış hərəkətlər, həmçinin, inhisarçılıq fəaliyyəti haqqında qanunlara uyğun olaraq qəbul edilmiş digər hərəkətlər (hərəkətsizlik).

İqtisadi fəaliyyətin koordinasiyası – təsərrüfat subyektlərinin hərəkətlərinin onların heç biri ilə eyni şəxslər qrupuna daxil olmayan və təsərrüfat subyektlərinin hərəkətlərinin razılaşdırıldığı əmtəə bazarında fəaliyyət aparmayan üçüncü şəxs tərəfindən razılaşdırılması. Təsərrüfat subyektlərinin “şaquli” razılaşmaların çərçivəsində həyata keçirdiyi hərəkətlər iqtisadi fəaliyyətin koordinasiyası deyil.

Rəqabətin məhdudlaşdırılması əlamətləri– əmtəə bazarında əmtəə dövriyyəsinin digər ümumi vəziyyətinin müvafiq dəyişiklikləri ilə əlaqəli olmayan əmtəə bazarında eyni şəxslər qrupuna daxil olmayan təsərrüfat subyektlərinin sayının azaldılması, məhsulun qiymətinin artması və ya azalması, eyni şəxslər qrupuna daxil olmayan təsərrüfat subyektlərinin əmtəə bazarında müstəqil fəaliyyətdən imtina etməsi, təsərrüfat subyektləri arasında razılaşma ilə və ya onların mütləq yerinə yetirməli olduqları digər şəxsin göstərişlərinə uyğun olaraq, yaxud eyni şəxslər qrupuna daxil olmayan təsərrüfat subyektlərinin əmtəə bazarında öz fəaliyyətlərini razılaşdırması nəticəsində məhsulun əmtəə bazarında dövriyyəsinin ümumi vəziyyətinin müəyyən edilməsi, təsərrüfat subyekti və ya bir neçə təsərrüfat subyekti üçün əmtəə bazarında əmtəə dövriyyəsinin ümumu vəziyyətinə bir tərəfli qaydada təsir etməsinə imkan yaradan digər hallar. Həmçinin, dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə xidmətlərinin təqdim olunmasında iştirak edən təşkilatlar tərəfindən bu cür xidmətlərin təqdim olunmasında iştirak edən zaman əmtəələrə və ya təsərrüfat subyektlərinə qarşı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan tələblərin qoyulması.

Razılaşma – sənəd və ya bir neçə sənəddə olan yazılı formada razılıq, həmçinin, şifahi formada razılıq.

«Şaquli» saziş – təsərrüfat subyektləri arasında onlardan birinin məhsulu aldığı, digərinin təqdim etdiyi (satdığı) razılaşma. Agent müqaviləsi “şaquli” saziş deyil.

Hüquq məsələləri departamentinin rəhbəri («HMDR») – Carlsberg Group Şərqi Avropa regionunun hüquqi məsələləri üzrə Vitse-prezidentinə tabe olan, həmçinin, Şirkətdə AR-nın rəqabətin qorunması haqqında qanunvericiliyinin müddəalarına əməl olunmasına nəzarət edən vəzifə.

Hərəkət – Şirkətin/bölmənin/əməkdaşın (ların) Şirkət üçün hüquqi fəsadlara gətirib çıxara biləcək istənilən hərəkətləri (hərəkətsizliyi), o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq: Şirkətin adından istənilən üçüncü şəxslərlə, o cümlədən, Şirkətin bütün kontragentləri, dövlət, bələdiyyə orqanları ilə danışıqların aparılması, istənilən yazışma (poçt, elektron poçt, faksimil əlaqə vasitəsilə); Şirkətin müqavilələrinin bağlanması, icrası, bağlanan müqavilələrin şərtlərinin dəyişdirilməsi və s.

Antiinhisar orqanı – Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti.

Şirkətin distributoru – distributor müqaviləsinin bağlandığı və göstərilən müqaviləyə uyğun olaraq Şirkətdən məhsulları alan və onları üçüncü şəxslərə satan şəxs (hüquqi şəxs və ya fərdi sahibkar).

5.  Məsuliyyət

5.1. Hazırkı Reqlamentin yerinə yetirilməsinə nəzarəti «Carlsberg Azerbaijan» MMC-nin Hüquq məsələləri departamentinin rəhbəri həyata keçirir.

5.2. Müəyyən olunan qaydalara riayət olunmasına görə məsuliyyəti Şirkətin bütün bölmələri və əməkdaşları daşıyır.

6.  Antiinhisar orqanına Şirkətin satış siyasətindəki əhəmiyyətli dəyişikliklər barədə bildirilməsi qaydası

 6.1. Şirkətin satış siyasətindəki aşağıdakı dəyişikliklər əhəmiyyətli hesab olunur:

6.1.1. Distributor müqaviləsinin maliyyə şərtlərinin dəyişməsi;

6.1.2. Şirkətin məhsullarının satış sxeminin dəyişməsi:

  • Şirkətin distributorlarının birdəfəlik dəyişməsi, azaldılması;
  • Şirkətin məhsullarının yalnız Şirkətlə eyni şəxslər qrupuna mənsub olan şəxslər vasitəsilə satılmasına keçid;
  • Şirkətin məhsullarının yalnız bilavasitə pərakəndə ticarət şəbəkələri və nöqtələrinə satılmasına keçid.

6.1.3. Şirkətin məhsulların distributorlara çatdırılması şərtlərini dəyişməsi.

6.1.4. Şirkətin dövriyyə tarası ilə iş şərtlərini dəyişməsi.

6.1.5. Şirkətin məhsulların qiymətini birdəfəlik artırması və ya azaltması.

6.2. Şirkətdə satış departamenti satış siyasətində əhəmiyyətli dəyişiklik etmək niyyətindədirsə, həmin şöbə müvafiq dəyişikliyin planlaşdırılan daxil edilməsi anına 3 (üç) ay qalmışdan gec olmayaraq Hüquq məsələləri departamentinin rəhbərinə planlaşdırılan dəyişikliklərin mahiyyəti barədə yazılı şəkildə bildiriş göndərməlidir.

6.3. Hüquq məsələləri departamentinin rəhbəri bildirişin alındığı andan 10 (on) gün ərzində satış şöbəsinin təklif etdiyi satış siyasətində əhəmiyyətli dəyişikliklərin mümkün olub-olmadığı barədə yazılı rəy təqdim etməlidir.

6.4. Hüquq məsələləri departamentinin rəhbəri dəyişikliklərin mümkün olub-olmadığı barədə rəyin verildiyi andan 10 (on) gün ərzində antiinhisar orqanına Şirkətin satış siyasətində gözlənilən əhəmiyyətli dəyişikliklər barədə bildiriş göndərir.

6.5. Antiinhisar orqanından əlavə məlumatın və/və ya sənədlərin təqdim olunması haqqında sorğu alındıqda, Hüquq məsələləri departamentinin rəhbəri bu cür məlumatın toplanması ilə bağlı işi koordinasiya edir. Bu zaman satış şöbəsi müvafiq məlumatın və/və ya sənədlərin təqdim olunmasına görə məsuliyyət daşıyır.

6.6. Maliyyə şöbəsi Antiinhisar orqanına Antiinhisar Komitəsinin təqdim etdiyi forma üzrə rüblük hesabatın verilməsinə görə məsuliyyət daşıyır. Hesabat AR-nın qanunvericiliyi ilə müəyyən olunan formada hesabat ayının 25-dən gec olmayaraq təqdim olunmalıdır. Maliyyə şöbəsi həmçinin Antiinhisar Komitəsinə təqdim olunan məlumatın düzgünlüyünə görə məsuliyyət daşıyır. Bu sənəd kontrollinq şöbəsinin rəhbəri, maliyyə direktoru ilə razılaşdırılmalı və «Carlsberg Azerbaijan» MMC-nin baş mühasibi və baş direktoru tərəfindən imzalanmalı, həmçinin, «Carlsberg Azerbaijan» MMC-nin Hüquq məsələləri departamentinin rəhbəri tərəfindən təsdiq olunmalıdır.

7.  AR-da antiinhisar qanunvericiliyi ilə qadağan olunan hərəkətlər

7.1.    Şirkətin bütün bölmələrinə Şirkətin adından nəticəsi rəqabətə yol verilməməsi, onun məhdudlaşdırılması, aradan qaldırılması və (və ya) digər şəxslərin maraqlarına toxunması olan və ya ola biləcək hərəkətləri, o cümlədən, aşağıdakı hərəkətləri etmək qadağandır:

7.1.1.   malın yüksək və ya aşağı inhisar qiymətinin müəyyən edilməsi, saxlanması;

7.1.2.   malın dövriyyədən çıxarılması, əgər bunun nəticəsində malın qiyməti artıbsa;

7.1.3.   kontragentə onun üçün əlverişli olmayan və ya müqavilənin predmetinə aid olmayan müqavilə şərtlərinin zorla qəbul etdirilməsi;

7.1.4.   məhsulun istehsalının iqtisadi və ya texnoloji cəhətdən əsaslandırılmamış azaldılması və ya dayandırılması, əgər məhsulun gəlirli istehsalı imkanı mövcud olduqda, ona tələbat varsa və ya onun tədarükü üzrə sifarişlər yerləşdirilibsə; 

7.1.5.   müvafiq məhsulun istehsalı və ya tədarükü imkanı varsa, ayrı-ayrı alıcılarla (sifarişçilərlə) müqavilə bağlamaqdan iqtisadi və ya texnoloji cəhətdən əsaslandırılmamış imtina və ya boyun qaçırma;

7.1.6.   eyni məhsula müxtəlif qiymətlərin (tariflərin) iqtisadi, texnoloji cəhətdən və digər üsulla əsaslandırılmamış şəkildə müəyyən edilməsi;

7.1.7.   ayrı-seçkilik şəraitinin yaradılması;

7.1.8.   digər təsərrüfat subyektlərinin əmtəə bazarına girişi və ya oradan çıxışına maneələrin yaradılması.

Xüsusilə, daimi distributorlara təklif edilən endirimlər, yığım endirimləri kimi, hökmran şirkət tərəfindən təklif olunduğu üçün  “maneçilik törədən” hesab oluna bilər, yəni bu zaman hökmran mövqe tutan və bazarın əhəmiyyətli payın sahib olan şirkət distributorların gələcək seçimini əvvəlcədən müəyyən edən hərəkətlərin hesabına öz rəqiblərinin gələcək mövqelərini zəiflətməklə, rəqiblərin yeni bazarlara “girişinə” mane olmaqla bazarda mövqelərini möhkəmləndirir.

7.2. Şirkətin bütün bölmələrinə Şirkətin adından onun kontragentləri ilə istənilən razılaşmaları bağlamaq və ya əmtəə bazarında onlarla razılaşdırılmış fəaliyyəti həyata keçirmək bu cür razılaşmalar və ya razılaşdırılmış fəaliyyət aşağıdakılara gətirib çıxarır və ya gətirib çıxara bilərsə, qadağandır:

7.2.1. qiymətlərin (tariflərin), endirimlərin, əlavələrin (əlavə ödənişlərin), əlavə qiymətlərin müəyyən edilməsi və ya saxlanması;

Distributorların buraxılış qiymətlərinin (maksimal və ya minimal), qiymət diapazonunun və ya endirimlərin müəyyən edilməsi, saxlanması, bərabərləşdirilməsi və ya koordinasiyasına yönələn istənilən razılaşmalar və ya Şirkətin məhsullarının distributorlarının fəaliyyətinin koordinasiyası (şifahi tövsiyələrdən, məktub, sərəncam, reqlamentlərin göndərilməsindən razılaşmaların, protokolların və s. imzalanmasına qədər), və yaxud bazarda qiymətlərin koordinasiyasına yönəlmiş istənilən digər hərəkətlər (alıcıya məhsulların yenidən satışı üzrə maksimal qiymətin müəyyən edilməsinə yönəlmiş hərəkətlər istisna olmaqla).

Hətta tövsiyələr və tövsiyələrə əməl olunması zamanı bonusların verilməsi də qadağandır.

Həmçinin, rəqiblərlə (analoji məhsulların istehsalçıları) ilə buraxılış və ya alış qiymətlərinin (maksimal və ya minimal), qiymət diapazonunun və ya endirimlərin müəyyən edilməsi, saxlanması, bərabərləşdirilməsi və ya koordinasiyasına yönəlmiş sövdələşmələr qadağandır. Qiymət qoymaya dair hələ həyata keçirilməmiş niyyətlər barədə məlumat mübadiləsi və ya onların koordinasiyası da qanunazidd hərəkətlər hesab oluna bilər (“price signaling”).

Qiymət qoyma haqqında “kartel tipli” razılaşmalar demək olar ki həmişə cərimələrin, o cümlədən, çox böyük cərimələrin tətbiq olunmasına gətirib çıxarır.

Rəqiblərlə qiymət strategiyasına dair hər hansı məlumatın müzakirə olunmasına yol verilmir.

7.2.2. hərraclarda qiymətlərin artması, azalması və ya saxlanması;

İstehsalçıların təchizatçılara ödəyəcəyi qiymətlər barədə öz aralarında razılaşdığı rəqiblərlə razılaşmalar və yaxud müəyyən təchizatçıdan məhsulların alınmaması barədə razılaşmalar qadağandır.

7.2.3. əmtəə bazarının ərazi prinsipi, məhsulların satış və ya alış həcmi, satılan məhsul çeşidləri və yaxud satıcı və ya alıcıların (sifarişçilərin) tərkibinə görə bölünməsi;

Şirkətin distributorlar tərəfindən əldə olunan məhsullarının satış ərazisinə hər hansı yolla təsir etmək qadağandır.

Hətta tövsiyələr və tövsiyələrə əməl olunması zamanı bonusların verilməsi də qadağandır.

Rəqiblərlə ərazilərin bölünməsi barədə razılaşmalar (bir-birinin regionlarına tədarükdən imtina) qadağandır.

7.2.4. müəyyən satıcılar və ya alıcılarla (sifarişçilərlə) müqavilələrin bağlanmasından iqtisadi və texnoloji cəhətdən əsaslandırılmamış imtina;

Rəqiblərlə müəyyən sifarişçi (distributor) və ya sifarişçi kateqoriyası ilə tədarük müqavilələrin bağlanmasından imtinaya yönəlmiş hər hansı hərəkətlər barədə sövdələşmələr qeyri-qanunidir.

Həmçinin, rəqiblə/rəqiblərlə müəyyən sifarişçilərin tərəflərdən hər birinin (sövdələşmənin iştirakçıları) bir-birinin sahəsinə “müdaxilə” etmədən məşğul olacağı qruplara bölünməsinin razılaşdırılması yolverilməzdir.

7.2.5. kontragentə onun üçün əlverişli olmayan və ya müqavilənin predmetinə aid olmayan müqavilə şərtlərinin zorla qəbul etdirilməsi (maliyyə vəsaitlərinin, digər əmlakın, o cümlədən, mülkiyyət hüquqlarının ötürülməsinə dair əsaslandırılmamış tələblər, həmçinin, müqaviləyə kontragentin marağının olmadığı məhsullara dair müddəaların əlavə edilməsi şərti ilə müqavilənin bağlanmasına razılıq və digər tələblər);

Şirkətin distributorlarına Rəqiblərin məhsullarının ticarəti ilə məşğul olmamaq öhdəliyinin zorla qəbul etdirilməsi; satın alınan məhsulların (pivə, az alkoqollu və ya alkoqolsuz içkilər) hamısının və ya böyük hissəsinin Şirkətdən əldə olunması qadağandır.

7.2.6. eyni məhsula müxtəlif qiymətlərin (tariflərin) iqtisadi, texnoloji cəhətdən və digər üsulla əsaslandırılmamış şəkildə müəyyən edilməsi;

7.2.7. məhsulun istehsalının iqtisadi və ya texnoloji cəhətdən əsaslandırılmamış azaldılması və ya dayandırılması, əgər məhsulun gəlirli istehsalı imkanı mövcud olduqda, ona tələbat varsa və ya onun tədarükü üzrə sifarişlər yerləşdirilibsə;

7.2.8. digər təsərrüfat subyektlərinin əmtəə bazarına girişi və ya oradan çıxışına maneələrin yaradılması;

7.2.9. peşə birlikləri və digər birliklərdə üzvlük (iştirak) şərtlərinin müəyyən edilməsi, əgər bu şərtlər rəqabətə yol verilməməsi, onun məhdudlaşdırılması və ya aradan qaldırılmasına gətirib çıxarırsa və ya gətirib çıxara bilərsə.

7.3.    Şirkət və üçüncü şəxslər arasında rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək digər razılaşmalar və ya razılaşdırılmış hərəkətlər qadağandır. 7.4.    Kontragentlərin iqtisadi fəaliyyətinin yuxarıdakı bənddə göstərilən fəsadlara gətirib çıxaran və ya çıxara biləcək koordinasiyası qadağandır.

7.5.    Şirkətin bütün bölmələrinə haqsız rəqabət aparmaq, o cümlədən aşağıdakılar qadağandır:

7.5.1. təsərrüfat subyektinə ziyan vura biləcək və ya onun işgüzar nüfuzuna zərər verə biləcək yalan, dəqiq olmayan və ya təhrif olunan məlumatların yayılması qadağandır;

7.5.2. məhsulun istehsal xarakteri, üsulu və yeri, istehlak xüsusiyyətləri, keyfiyyəti və miqdarı və ya onun istehsalçıları ilə bağlı yanıltmaq;

7.5.3. təsərrüfat subyektinin istehsal etdiyi və ya satdığı məhsulları digər təsərrüfat subyektlərinin istehsal etdiyi və ya satdığı məhsullarla yanlış müqayisəsi;

7.5.4. məhsulun satışı, mübadiləsi və ya digər üsulla dövriyyəyə buraxılması zamanı əqli mülkiyyət nəticələri və onlarla bərabər tutulan hüquqi şəxsin fərdiləşdirmə vasitələri, məhsulların, işlərin, xidmətlərin fərdiləşdirmə vasitələri qanunsuz yolla istifadə olunursa, məhsulun satışı, mübadiləsi və ya digər üsulla dövriyyəyə buraxılması qadağandır;

7.5.5. kommersiya sirri, xidməti sirr və ya qanunla qorunan digər sirr olan məlumatın qanunsuz yolla əldə olunması, istifadə olunması, açıqlanması. 

7.6.    İstənilən hərəkət hazırkı Reqlamentin 6-cı bölməsində müəyyən olunan qadağaları pozub-pozmadığı ilə bağlı nəzərdən keçirilməlidir.

7.7.    Əgər Şirkətin əməkdaşı/bölməsi öz funksiyalarının yerinə yetirilməsi çərçivəsində planlaşdırılan hərəkətlərinin hazırkı Reqlamentin tələblərinə uyğun olub-olmadığını birmənalı qiymətləndirə bilmirsə, HMM ilə əvvəlcədən razılaşdırmaq lazımdır.

8.  Şirkət əməkdaşlarının təlimi

Siyahısı əlavə olaraq müəyyən edilən şirkət əməkdaşları (mütləq – satış şöbələrinin direktorları, əməliyyat fəaliyyəti üzrə direktor, marketinq direktoru) HMM-in keçirdiyi və antiinhisar qanunvericiliyinə riayət olunması ilə bağlı təlimdən təyin olunan müddətlərdə mütləq keçməlidir.

9.  Yoxlamaların aparılması zamanı antiinhisar orqanlarının səlahiyyətləri

9.1. Antiinhisar orqanının kommersiya təşkilatlarının antiinhisar qanunvericiliyinə riayət edib-etmədiyini yoxlamağa, ondan lazımi sənədləri və məlumatı, izahatları yazılı və ya şifahi formada almağa hüququ var.

9.2. Antiinhisar orqanının işçilərinin üzərinə qoyulan səlahiyyətlərə uyğun olaraq xidməti vəsiqələrini təqdim etdikdə və antiinhisar orqanının rəhbərinin (onun müavinin) antiinhisar qanunvericiliyinə riayət olunub-olunmadığının yoxlanılması barədə qərarı olduqda, antiinhisar orqanına lazım olan sənəd və məlumatların alınması üçün kommersiya təşkilatlarına maneəsiz giriş hüququ var.

9.3. Kommersiya təşkilatları (onların vəzifəli şəxsləri) antiinhisar orqanının əsaslandırılmış tələbi ilə ona lazım olan sənədləri, yazılı və ya şifahi formada izahatları (o cümlədən, kommersiya sirri, xidməti sirr, qanunla qorunan digər sirr olan məlumatı) həmin orqana təqdim etməlidir.

9.4. Antiinhisar orqanının hüquqi şəxsə məxsus olan, sahibkarlıq fəaliyyətinin aparılması üçün istifadə olunan məkanlara, ərazilərə və orada olan əşya və sənədlərə baxış keçirmək hüququ var.

Baxış hüquqi şəxsin və ya onun nümayəndəsinin və iki şahidin iştirakı ilə keçirilir.

Lazım gələrsə foto və kinoçəkiliş, videoyazı, maddi sübutların təsbitinin digər müəyyən olunan üsulları tətbiq olunur.

Baxış haqqında protokol tərtib olunur. Burada onun tərtib olunma tarixi və yeri, onu tərtib edən şəxsin vəzifəsi, soyadı və inisialları, müvafiq hüquqi şəxs, həmçinin, onun qanuni nümayəndəsi və ya digər nümayəndə, baxış keçirilən ərazi və məkanlar, əşyaların növü, miqdarı, digər eyniləşdirici əlamətləri, sənədlərin növü və rekvizitləri barədə məlumatlar qeyd olunur.

Baxış haqqında protokolda foto və kinoçəkiliş, videoyazı, maddi sübutların təsbitinin digər müəyyən olunan üsullarının tətbiq olunması barədə qeyd edilir. Foto və kinoçəkiliş, videoyazı, maddi sübutların təsbitinin digər müəyyən olunan üsullarının tətbiq olunması ilə keçirilən baxış zamanı alınan materiallar müvafiq protokola əlavə olunur.

Baxış haqqında protokol onu tərtib edən vəzifəli şəxs, hüquqi şəxsin qanuni nümayəndəsi və yaxud təxirə salına bilməyən hallarda hüquqi şəxsin digər nümayəndəsi, həmçinin şahidlər tərəfindən imzalanır. Hüquqi şəxsin qanuni nümayəndəsi və ya onun digər nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, orada müvafiq qeyd edilir. Baxış haqqında protokolun surəti hüquqi şəxsin qanuni nümayəndəsi və ya onun digər nümayəndəsinə təqdim olunur.

9.5. Antiinhisar orqanının cinayət törətmək üçün alətlər və ya inzibati hüquq pozuntusu olan əşyaları və inzibati hüquq pozuntusu barədə iş üzrə sübut kimi çıxış edən və inzibati hüquq pozuntusunun baş verdiyi yerdə və yaxud şəxsi baxış, fiziki şəxsdə olan əşyalara baxış və nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunan əşyaları müsadirə etməyə hüququ var.

Müsadirə iki şahidin iştirakı ilə həyata keçirilir.

9.6. Antiinhisar orqanının yoxlamaların aparılması üçün daxili işlər orqanlarını cəlb etməyə hüququ var.

Polisin üzərinə qoyulan öhdəliklərini yerinə yetirməsi üçün ona əməliyyat-axtarış tədbirlərini həyata keçirmək, məkan, nəqliyyat vasitələrinin baxışını keçirmək, sənədləri müsadirə etmək və s. hüquqları verilir.

10.  Antiinhisar orqanı tərəfindən yoxlama aparılan halda Şirkət bölmələrinin hərəkət qaydaları

10.1. Yoxlama zamanı hərəkətlər qaydası:

10.1.1. Mühafizə xidmətinin əməkdaşları Şirkətə daxil olan zaman antiinhisar orqanının yoxlama aparan şəxslərini (müfəttişləri) qarşılayır.

10.1.2. Mühafizə xidmətinin əməkdaşları aşağıdakı şəxslərə bildirməlidir:

  • Baş direktor;
  • Hüquq məsələləri departamentinin rəhbəri;
  • Təhlükəsizlik departamentinin rəhbəri;
  • Satış departamentinin direktoru;
  • Əməliyyat fəaliyyəti üzrə direktoru;
  • Korporativ ünsiyyətlər üzrə menecer.

Göstərilən rəhbərlər öz yazılı sərəncamları ilə onlara tabe olan hər bölmədən bir əməkdaşı hazırkı Reqlamentə dair məsələlərlə bağlı məsuliyyətli kimi əvvəlcədən təyin etməlidir.

10.1.3. Mühafizə xidmətinin əməkdaşları müfəttişlərdən onların səlahiyyətlərini təsdiq edən sənədləri tələb edir: xidməti vəsiqələri və Şirkətin yoxlamasının təyin olunması barədə sənədləri.

Bu sənədlər skan olunmalı və Hüquq məsələləri departamentinin rəhbərinə göndərilməlidir.

10.1.4. Mühafizə xidmətinin əməkdaşları yoxlayanlara dequstasiya zalında (sənədlərin, kompüter və orqtexnikanın olmadığı) Hüquq məsələləri departamentinin rəhbəri və şöbələrin məsul şəxslərini gözləmələrini təklif etməlidir.

10.1.5. Hüquq məsələləri departamentinin rəhbəri yoxlayan şəxslərin səlahiyyətlərini yoxlayır.

10.1.6. İnzibati şöbə müfəttişlərin əməkdaşlarla rahat işləyə biləcəyi danışıqlar üçün boş otağın təqdim olunmasını təşkil edir.

10.1.7. Təhlükəsizlik departamentinin rəhbəri Hüquq məsələləri departamentinin rəhbərilə birlikdə hər bir müfəttişi daima müşahidə etməlidir.

10.1.8. Təhlükəsizlik departamentinin rəhbəri Hüquq məsələləri departamentinin rəhbərilə birlikdə müfəttişlərin istənilən danışıqlarının dəqiq protokolunu aparır və müfəttişlərin yoxlama zamanı baxış keçirdiyi bütün sənədlər, o cümlədən, elektron sənədlər, həmçinin, surəti çıxarılan və müsadirə edilən sənədlər və digər maddi sübutlar barədə qeydlər edir. Həmçinin, müfəttişin bəyanatları /sualları, o cümlədən, «Carlsberg Azerbaijan»-nın əməkdaşlarının verdiyi cavablar qeyd olunur.

10.1.9. Şirkətin istənilən əməkdaşı izahat verən zaman Hüquq məsələləri departamentinin rəhbəri iştirak etməlidir, lazım gələrsə sorğu-sual edilən əməkdaş cavab variantları ilə bağlı Hüquq məsələləri departamentinin rəhbərilə məsləhətləşməlidir.

10.1.10. Şirkətin adından yoxlama aparanlara istənilən bölmədə təqdim olunan sənədlər Hüquq məsələləri departamentinin rəhbərinə əvvəlcədən göstərilməlidir.

10.1.11. Müfəttişlərin Şirkətin adından imzalanması üçün təklif etdiyi bütün protokollar və digər sənədlər HMM tərəfindən əvvəlcədən nəzərdən keçirilməlidir.

10.1.12. Hər yoxlama günü bitdikdən sonra Təhlükəsizlik departamentinin rəhbəri HMM ilə birlikdə müfəttişlərin qeyd etdiyi Şirkət əməkdaşlarının şifahi izahatlarının surətini çıxarmalıdır.

10.1.13. Hər yoxlama günü bitdikdən sonra şöbənin hər məsul şəxsi öz rəhbərinin, baş direktorun, Hüquq məsələləri departamentinin rəhbərin adına bölmədə yoxlamanın aparılması barədə yazılı hesabat təqdim etməli və ona sorğu-sual edilən şəxslərin, sualların, müsadirə edilən / surəti çıxarılan sənədlərin siyahısını əlavə etməlidir.